bazar ertəsi 28 sentyabr 2026 - 22:19
İran düşmənin arzuladığı dövrə qayıtmayacaq

Hövzə | İslam İnqilabının Ali Məqamlı Rəhbəri vurğulayıb: “Bir sözlə, İran düşmənin arzuladığı dövrə bir daha qayıtmayacaq.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Baş Komandanı, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei səkkiz illik İran-İraq müharibəsinin ilk günlərinin ildönümü və İran xalqının səkkiz il ərzində apardığı əzmlə dolu, tarixdə əbədi qalacaq müdafiə günləri münasibətilə yayımladığı mesajında hegemon güclərin İnqilabın ilk onilliyində müharibəni İrana qəbul etdirməklə ölkəni geridəqalma, “zillət və alçaldılma”, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğulayıb: Bütün genişmiqyaslı səylərə baxmayaraq, İslam sistemi əvvəlkindən daha yetkin və güclü şəkildə yenidən ayağa qalxdı və bu xüsusiyyət sonrakı düşmənlərin yaratdığı hadisələrdə də bu sistemin davamlı xarakterinə çevrildi. İndi isə həmin feniks düşmənin, xüsusilə də son iki müharibənin təzyiqləri nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi hətta düşmən torpaqlarının üzərinə də düşüb.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri həmçinin ərəb dünyasının qəhrəman siması və müqavimət cəbhəsinin böyük rəhbəri şəhid Seyid Həsən Nəsrullahın ikinci şəhadət ildönümünü yad edərək, Hizbullahın baş katibi Şeyx Nəim Qasimə və Livan Hizbullahının müqavimət və Aşura ruhunda mübarizə aparan döyüşçülərinə ehtiramını ifadə edərək vurğulayıb: “Livanın bu günləri bütün Müqavimət mücahidləri üçün parlaq və qürurverici, sionist düşmən qarşısında isə hegemon güclərin və öz bədxahlarının yalan vədlərinə ümid bağlayanlar üçün zillət gətirən və sonda rüsvayçılıqla nəticələnəcək günlərdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin mesajının tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ ۚ

Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik.


İbrahim surəsi, 5-ci ayə

Mehr ayının ilk günləri Allahın günlərini və İran xalqının ilk müharibədə səkkiz il ərzində apardığı cəsarətli və tarixdə qalacaq müdafiə mübarizəsini xatırladır. Həmin günlərdə İnqilab günəşinin isti şüaları İran torpağının hər yerinə yayılır, milli həmrəylik, İslamın inqilabçıməktəbinə və məramına sədaqət hissini gücləndirirdi və bunun təsiri ilə qədim və müasir hegemonluğun, eləcə də müstəmləkəçiliyin buzları əriməkdə idi. Həmin günlərdə İran xalqının bir qismi iyirmi il əvvəl müstəmləkəçilərin düşmənçiliklərini, neft sənayesinin milliləşdirilməsi ilə bağlı hadisələri və Amerikanın həyata keçirdiyi çevrilişi xatırlayırdı.

Digərləri isə həmin hadisələr barədə xəbərlər eşitmişdi və onların bir çoxu xaricilərin ölkəmizin işlərinə hakim olmasının ölkənin başına hansı müsibətləri gətirdiyi həqiqətini yaxşı hiss etmişdi. Lakin ondan əvvəlki günlər qaranlıq və məşəqqətli günlər idi. İmperialist dövlətlərin səfirləri ölkə şahına nə etməli və nə etməməli olduğunu bildirir, o da istər həvəslə, istərsə də könülsüz şəkildə həmin göstərişləri yerinə yetirirdi. Nəhayət, İran xalqının həzrət İmam Xomeyninin (r) rəhbərliyi ilə həyata keçirdiyi böyük İnqilab bu düzəni darmadağın etdi.

İnqilab nəticəsində həmin qaranlıq günlər İran İslam Respublikasının qurulduğu nurlu günlərə çevrildi. Bu, bu torpağın sərvətlərinə tamah salan və illər boyu onu öz əllərinə keçirmək üçün xalqına qarşı hər cür pisliyi rəva görən hegemon güclər üçün çox ağır idi. Buna görə də onlar həmin vaxtdan etibarən inqilabçı xalqın coşqun axınının istiqamətini əvvəlki məcraya qaytarmaq üçün bütün qüvvə və səylərini səfərbər etdilər. İlk müharibə onların İran İslam Respublikasının mübarək mövcudluğunun ilk onilliyində həyata keçirdikləri ən mühüm addım oldu.

Xalq əleyhinə olan Bəəs Partiyasının yaratdığı və bir neçə gün davam edəcək, asan qələbə ilə nəticələnəcək müharibə xülyası ilə alovlandırdığı həmin müharibənin atəşindən İslam sistemi əvvəlkindən daha yetkin və güclü şəkildə ayağa qalxdı və bu, sonrakı düşmənlərin yaratdığı hadisələrdə də bu sistemin davamlı xüsusiyyətinə çevrildi.

Düşmənin bu xalqa öz əlaltılarını hakim etdiyi və yeni müstəmləkəçilik formasını tətbiq etdiyi həmin günlər İnqilabın bərəkəti və məcburi müharibə meydanında İslam və cihad bayrağının ucaldılması sayəsində qürurverici günlərə çevrildi. Həmin günlərin başa çatmasından 38 il keçməsinə baxmayaraq, bu gün də onların hadisələrini və həmin günlərin sağ qalanlarının səmimi rəvayətlərini ayrı-ayrılıqda nəzərdən keçirdikdə hər biri ibadət, cəsarət, müqavimət, əxlaq və insanlıq dərsi olan nümunəvi şəxsiyyətlər ölkəmizin tarixinin zirvəsində parlaq ulduzlar kimi görünürlər.

Hegemonluq sisteminin uzantılarının təcavüzlərinin ilk günlərində ölkəmizin çoxsaylı təhdidlər qarşısında özünü müdafiə etmək üçün tağut rejimindən boş əllər miras aldığı həmin günlər, haqqın bərqərar edilməsi və ilahi yardımın sayəsində bu gün elə bir mərhələyə çatıb ki, təcavüzkar hegemon güclərin özləri, onların əlaltıları deyil, İslam döyüşçülərinin hücumları qarşısında sığınacaq axtarır və müharibəyə son qoyulması üçün yalvarırlar.

Onların ölkəmizi geri qaytarmaq istədikləri həmin günlər İranın geridəqalması, zillət və alçaldılması, asılılığı və İslam dünyasında bədnamlığı ilə dolu günlər idi. Yaşadığımız bu günlər isə tərəqqi, izzət, müstəqillik, İslam dünyasında və hətta bütün dünyada ən yüksək nüfuz və etibarla zəngindir. Bu gün bəziləri bizi dünyanın dördüncü fövqəldövləti hesab edir. Əlbəttə, onlar bunu dünyəvi hesablamalara əsasən söyləyirlər. Lakin ilahi hesablamalara görə, özünü pak Əhli-beytə (Allahın salamı onların üzərinə olsun) mənsub bilən, xalqının böyük əksəriyyəti həmin uca şəxsiyyətlərə bağlı olan və haqqın bərqərar edilməsi yolunda qorxuya düşməyən ölkə dünyanın birinci qüdrətidir.

Həmin günlər İranın cənubundakı iki dəniz düşmən qüvvələrinin meydanı idi. Lakin bu gün onlar cəsur döyüşçülərdən və Hörmüz boğazının mühafizəçilərindən aldıqları ağrılı zərbələrə görə Ərəb dənizindən irəli gedə bilmirlər və hər dəfə bu təhlükəni gözə aldıqda, özlərinə zərər vurublar. Çox keçmədən Ərəb dənizi də özünü onların qarşısından təmizləyəcək.

Elə günlər olub ki, hegemon güclər psixoloji əməliyyatlar və qorxu mühiti yaratmaqla paytaxtın küçələrini boşaldıb və bu xalqın müstəqillik axtarışına qarşı çevriliş təşkil ediblər, bundan sonra isə 25 il ərzində bu ölkənin sərvətlərini talayıblar. Lakin bu gün artıq yeddi aydır ki, həmvətənlərimiz bütün ölkə üzrə meydan və küçələri məsuliyyətli və qürurverici iştirakı ilə bəzəyiblər ki, İslam döyüşçülərinin ruhu yüksək olsun və düşmən qorxuya düşsün. Eyni zamanda, 30 milyondan çox iranlı öz canlarını fəda etməyə hazır olduqlarını bəyan edib və daha sonra onların iştirakının yenidən təsdiqlənməsi əsasında müəyyən təşkilatlanma həyata keçirilməsi nəzərdə tutulduqda, ilk 100 dəqiqə ərzində 500 mindən çox insan tələb olunan kontingenti tamamlayıb. Hazırda müxtəlif etnik qruplardan olan iranlıların iştirakı ilə bəzənmiş bütün İran İslam Respublikasında müxtəlif istiqamətlər üzrə, xüsusilə də silahlı hazırlıqla bağlı səfərbərlik və hazırlıq bəyanatları səslənir ki, elə bir mübarizə meydanı yaradılsın ki, bu meydan onlara nüfuz, düşmənə isə rüsvayçılıq qazandırsın.

Elə günlər olub ki, bu torpağın insanlarının cəsarəti onun kişiləri ilə tanınırdı. Lakin indi elə günlər yaşayırıq ki, qadınlar cəsarətli iştirakın bəzi sahələrində kişiləri qabaqlayırlar.

Elə günlər olub ki, düşmən sistemin sosial dayağını daim zəiflətməyə çalışırdı, lakin bu gün cəmiyyətin müxtəlif təbəqələri arasındakı aşkar fərqlərə baxmayaraq, öz haqlı mövqelərinin, o cümlədən xeyir-bərəkət mənbəyi olan Hörmüz boğazının qorunub saxlanılması məsələsində israrla dayanırlar.

Keçmiş günlərlə indiki günlər arasındakı bu müqayisəni daha da genişləndirmək və izah etmək mümkündür, lakin bir sözlə, mən İranın əziz xalqının xidmətçisi kimi bəyan edirəm ki, düşmənimizin geri qayıtmağımızı arzuladığı həmin əvvəlki günlər artıq geridə qalıb və bir daha təkrarlanmayacaq. Eyni zamanda, ağrı və kədərlə xatırlatmalıyam ki, ölkənin bugünkü izzətinin onların rəhbərliyinə borclu olduğu İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin (r) yeri bu günlərdə çox görünür. Lakin onların ardıcılları üçün qoyub getdikləri fəaliyyətlərinin və parlaq, yolgöstərən sözlərinin qiymətli xəzinəsinin bərəkəti ilə qarşıdakı günlər bu günlərdən dəfələrlə daha əzəmətli olacaq. Çünki ilk müharibənin alovlarından doğan həmin feniks indi düşmənin təzyiqləri və xüsusilə son baş vermiş iki müharibə nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi hətta düşmən torpaqlarının üzərinə də düşüb.

Bu məqamda ərəb dünyasının qəhrəman siması və müqavimət cəbhəsinin rəhbəri şəhid Seyid Həsən Nəsrullahın (Allah ona rəhmət etsin) ildönümü münasibətilə onun xatirəsini yad etmək olduqca yerinə düşər. O, öz xalqının və mənsub olduğu məktəbin səmimi xeyirxahı idi və onun səmimi, şirin xütbələri, eləcə də cəsarətli addımları xalqının və hətta bütün dünya azadlıqsevərlərinin qəlblərini möhkəmləndirirdi. O, kiçik bir ölkə olan və illər boyu bəzi güclərin arxa həyətinə çevrilmiş Livanın adını ucaltdı və ona böyük şöhrət qazandırdı. O, qələbə və zəfəri özünün daimi yol yoldaşlarına çevirmişdi və şübhəsiz ki, Şam diyarının bütün tarixi boyunca, peyğəmbərlər və onların vəsilərindən sonra, həmin qədim bölgədə onun qədər böyük bir şəxsiyyət baş qaldırmamışdı. Əlbəttə, bu gün onun şərəfli bayrağı həzrət Şeyx Nəim Qasimin (Allah onu qorusun) əllərindədir və o, Hizbullahın möhkəm və Aşura ruhlu sıralarının önündə cəsarətlə dayanaraq onun yolunu davam etdirir.

Livanın bu günləri tarix qarşısında və hətta elə indidən onun, eləcə də bütün müqavimət mücahidlərinin parlaq və qürurverici günləridir. Sionist düşmən qarşısında isə hegemon güclərin və öz bədxahlarının yalan vədlərinə ümid bağlayanlar üçün zillət gətirən və sonda rüsvayçılıqla nəticələnəcək günlərdir. Şəhid Nəsrullah, Seyid Haşim Səfiəddin və hazırkı müqavimət mücahidləri zamanın axarında parlaq ulduzlar kimi nur saçmağa və çaşqınlıq içində qalan yol axtaranlara yol göstərməyə davam edəcəklər. Bunun əksinə olaraq, onlar tarix səhifələrinin ilk vərəqləri çevrilən kimi çox tez dəfn ediləcək və unudulacaqlar və gələcəkdə onlar haqqında hər hansı bir xatırlatma edildikdə, bu, pislik, tədbirsizlik və hətta bəlkə də xəyanəti xatırladacaq.

Sonda ümid edirəm ki, ilahi lütflərin davamı İmam Zamanın (ə.f) xüsusi duasının bərəkəti ilə İran xalqı və bütün müqavimət tərəfdarları yalnız qələbə, zəfər və izzətlə, düşmənləri isə yalnız məğlubiyyət və zillətlə üzləşsinlər.


Ayətullah Seyid Müctəba Hüseyni Xamenei


28 sentyabr 2026-cı il

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha